17 il sevgi və fədakarlıqla Azərbaycan Tibb Universitetində müəllim kimi fəaliyyət göstərmək mənim üçün sadəcə bir iş deyil, həyatımın ən dəyərli və unudulmaz yollarından biri oldu. Bu illər ərzində minlərlə tələbə ilə eyni auditoriyanı bölüşmək, onların bilik qazanmasına, həkim kimi formalaşmasına şahid olmaq mənim üçün ən böyük qürur mənbəyi idi.
Tələbələrimlə keçirdiyim hər dərs, hər söhbət, hər elmi müzakirə mənim üçün ayrıca bir xatirədir. Onların uğurlarını görmək, peşəkar həyatlarında irəlilədiklərini izləmək, seçdikləri yolda möhkəm addımlarla getdiklərini bilmək mənə sözlə ifadə olunmayacaq sevinc verir.
Bu yoldan ayrılmaq asan deyil. Çünki burada yalnız müəllim-tələbə münasibəti deyil, illərlə formalaşan bir ailə mühiti, qarşılıqlı hörmət və səmimi bağlar var. Amma həyat hər zaman dəyişikliklərdən və yeni seçimlərdən ibarətdir. Hər son bir başlanğıcdır.
Bu qərarı qəbul etmək mənim üçün çətin oldu, lakin artıq pasiyentlərimə və kliniki fəaliyyətimə daha çox zaman ayırmağın vaxtının gəldiyini hiss edirəm. Daha çox qadına toxunmaq, daha çox həyat xilas etmək, bilik və təcrübəmi birbaşa tibbi praktikada tətbiq etmək istəyirəm.
Azərbaycan Tibb Universiteti mənim üçün sadəcə bir təhsil ocağı deyil, formalaşdığım, böyüdüyüm, gücləndiyim bir məkandır. Burada qazandığım dostluqlar, müəllim həmkarlarımın dəstəyi və tələbələrimin sevgisi ömrüm boyu mənimlə qalacaq.
Hara getsəm də, hansı yolda davam etsəm də, Azərbaycan Tibb Universiteti, əziz tələbələrim və hörmətli müəllim heyəti hər zaman qəlbimdə yaşayacaq. ❤️
.








