Çox böyük sevinc və qürur hissi ilə bu xəbəri paylaşmaq istəyirəm. 45 000-dən çox üzvü olan Amerika Onkoloqlar Cəmiyyətinə (ASCO) üzv seçildim. Bu, mənim üçün sadəcə bir üzvlük deyil, illərdir davam edən zəhmətin, məqsədli yolun və inandığım dəyərlərin rəsmi təsdiqidir. 🩷
Üstəlik, Azərbaycandan radioloq olaraq bu üzvlük hüququnu qazanan yeganə həkim olmaq mənim üçün ikiqat qürurvericidir. Allah utandırmasın. Bu etimadı doğrultmaq, ölkəmi beynəlxalq tibbi platformalarda layiqincə təmsil etmək mənim üçün böyük məsuliyyətdir.
İllər öncə “Xərçəngə yox deyək!” devizi ilə sizinlə birlikdə bu yola çıxdım. Bu deviz mənim üçün sadəcə bir söz deyil, həyat amalım, peşə borcum və mənəvi məsuliyyətimdir. Bu gün gəldiyim nöqtə göstərir ki, doğru yoldayıq və bu yol davam etməlidir. ✔️🙏🏼
ASCO onkologiyanın bütün sahələrini əhatə edən nüfuzlu, xeyriyyə, təhsil və elmi təşkilatdır. Bu qurum dünyada onkologiya üzrə çalışan minlərlə həkimi bir araya gətirir, elmi mübadilə mühitini gücləndirir və xərçəng xəstələrinə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
ASCO-nun əsas məqsədləri bunlardır:
-
onkologiya sahəsində qlobal mütəxəssis şəbəkəsinin yaradılması;
-
həkimlərin davamlı elmi və peşəkar hazırlığı;
-
xərçəng patogenezi üzrə elmi tədqiqatların təşviqi;
-
xərçəngə qulluq və müalicə keyfiyyətinin yüksəldilməsi;
-
xərçəng xəstələri və cəmiyyət arasında maarifləndirmə işlərinin aparılması;
-
elmi və texnoloji yeniliklərin tibbi praktikaya tətbiqi;
-
inkişaf etməkdə olan ölkələrdə elmi görüşlər, təlimlər, konfranslar və simpoziumların təşkili.
ASCO 1964-cü ildə cəmi yeddi onkoloq tərəfindən yaradılıb. Məqsədləri xərçəng xəstələrinə göstərilən tibbi xidmətin keyfiyyətini yaxşılaşdırmaq idi. Bu gün isə ASCO artıq 150 ölkədən 45 000-dən çox mütəxəssisi birləşdirən nəhəng beynəlxalq təşkilata çevrilib.
Bu üzvlük mənim üçün yalnız şəxsi nailiyyət deyil. Bu, həm də Azərbaycanda süd vəzi tibbinin, radiologiyanın və onkologiya sahəsində görülən işlərin dünya səviyyəsində qəbul edildiyinin göstəricisidir.
Mən sizin həkiminiz olmaqla yanaşı, eyni zamanda yol yoldaşınız, dəstəkçiniz və dostunuz olmaqdan qürur duyuram. Mənə inandığınız üçün, mənimlə birlikdə bu maarifləndirici və mübarizəli yolda addımladığınız üçün hər birinizə sonsuz təşəkkür edirəm.
.








