Böyük sevinc və qürur hissi ilə bu xəbəri paylaşmaq istəyirəm. “New York Web of Science” və eyni zamanda “Google Scholar Index” bazalarına daxil olan World of Medicine and Biology adlı nüfuzlu beynəlxalq elmi jurnalda mənim və həmmüəlliflərin elmi məqaləsi çapdan çıxıb.
Bu, mənim üçün sadəcə bir elmi nailiyyət deyil, illərdir apardığımız araşdırmaların, göstərdiyimiz səbrin və süd vəzi xərçəngi ilə mübarizə yolunda atdığımız addımların nəticəsidir. 😊
Elmi tədqiqatlarımız süd vəzi xərçəngi və xərçəngönü xəstəliklərin diaqnostikasına həsr olunub. Bu mövzuda dünya miqyasında tanınan və elmi nüfuza malik jurnalda öz imzamı görmək mənim üçün həqiqətən çox qürurvericidir. 🙏🏼🩷
Hər bir elmi məqalə, hər bir tədqiqat nəticəsi tibb elminin inkişafına, pasiyentlər üçün daha düzgün diaqnostika və daha vaxtında müalicə imkanlarının yaradılmasına xidmət edir. Mənim üçün elmi fəaliyyət yalnız akademik uğur deyil, real həyatda insanların sağlamlığına toxunan bir məsuliyyətdir.
Bu uğur həm də Azərbaycanda süd vəzi tibbinin və radiologiyanın hansı səviyyədə inkişaf etdiyinin göstəricisidir. Beynəlxalq elmi platformalarda ölkəmizi təmsil etmək, elmi mühitdə Azərbaycan həkiminin imzasını görmək böyük fəxrdir.
Mən inanıram ki, elm və praktika paralel getməlidir. Hər yeni bilik, hər yeni araşdırma bir qadının həyatını xilas edə bilər. Bu düşüncə ilə yoluma davam edirəm və “Xərçəngə yox deyək!” devizi mənim üçün yalnız söz deyil, həyat amalım olaraq qalır.
Bu yolda mənə inanan, dəstək olan, etibar göstərən hər kəsə təşəkkür edirəm. Sizin güvəniniz mənim ən böyük motivasiyamdır.
.








