Xərçəng müalicəsi prosesi mürəkkəb və psixoloji olaraq sarsıdıcı bir müddət olduğundan xəstələrin qarışıq hisslər (bəzən həddindən artıq aqressiv davranış və s.) keçirməsi normal qarşılanmalıdır.
Xərçəng xəstələrinin keçirdiyi hisslər
Özlərini tükənmiş hiss edirlər. Qorxu və bilinməzlik hissinin meydana gəlməsi ilk mərhələdir. Bu, əsasən, xəstəliyin diaqnozunun təsdiq olunduğu ilk həftələr və aylarda (1-ci ay daha qabarıq şəkildə) özünü göstərir. Bu hisslərin orqanizmə mənfi təsirini azaltmaq üçün ilk növbədə, xəstəlik barədə çox məlumatlı olmaq və nələr edə biləcəyimizi aydınlaşdırmaq lazımdır. Həkimə başa düşmədiyiniz vəziyyətləri izah edə və rahatlıqla suallarınızı ünvanlaya bilərsiniz.
Xəstəliyi qəbullana bilməmək - inkar. Xərçəng diaqnozundan sonra bəzi xərçəng xəstələri bir müddət sonra xərçəng olmadığına inanmağı seçir, həkimin məsləhətlərini və müalicəni inkar edirlər. Qəbullanmaq isə uğurlu müalicə nəticəsinə tez yaxınlaşmaq üçün əsas şərtdir. Bu psixoloji problemə rəğmən xəstələrin bir çoxu müalicə prosesi başlayanadək ( və ya müalicəyə başlanan zaman) inkardan imtina edirlər.
Təbii ki, inkar hər psixoloji sıxıntı yaşanılan zaman ortaya çıxan reaksiyanın ilk mərhələrindəndir, lakin bu müddətin uzun çəkməməsi üçün tədbirlər almaq, tez qəbullanmaq və hərəkətə keçmək lazımdır.
Müalicə prosesində qəzəbli olmaq (ətrafdakı hər şeyə və hər kəsə). Çarəsizlik hiss edən, nə etməli olduğunu bilməyən xəstələrdə duyğularını rahat ifadə edə bilmədikləri üçün reaksiya forması kimi qəzəb formalaşır. Aqressiyalı zamanlarında onları qıcıqlandıracaq hərəkətlərdən uzaq durmaq lazımdır.
Çox yüksək dərəcədə tressli olmaq. Stress sağalma prosesini zəiflətdiyi, ümumilikdə, insanın bütün bədəninə zərərli olduğu üçün stress yaradan amilləri nəzərdən keçirib aradan qaldırmaq lazımdır. Bunun ən yaxşı yolu stressi aradan qaldırmağın sağlam və təbii yollarını tapmaqdır. Zəruri hallarda psixoloq dəstəyini özünüzdən əsirgəməyin.
Xəstələr depressiyada olduqlarını düşünürlər. Demək olar ki, bütün xəstələrdə (xəstəliklə üzləşən bir çox insanda) bu problem geniş yayılıb. Hər insan həyata pozitiv baxa bilmir və ya bu gücü özündə tapmır. Ən önəmli dəstək isə onlara bu gücü tapmaları yolunda köməkçi olmaqdır. Həyata baxışınız sağlamlığınızı mənfi və ya müsbətə doğru istiqamətləndirə bilər. Sağlam düşünmək və səmimi mühitdə yaşamaq pozitivliyinizi artıracaq.
Ümid etmək. Xəstəliyi qəbullanandan sonra sağalacağınıza ümid edin, inanın ki, bu nəticəsiz qalmayacaq. Doğru seçilmiş həkim, psixoloji dəstək, yaxınlarınızın sevgisi ilə çətin sandığınız bu yol çox asan qət olunacaq.
Daima bunu xatırlayın:
- Dünyada xərçəng diaqnozu qoyulan tək xəstə siz və ya sizin yaxınlarınız deyil, siz də tək deyilsiniz.
- Müasir dövrün yenilikləri ilə müalicə daha rahat və daha effektlidir.
- Aktiv həyat tərzini davam etdirə bilən minlərlə xərçəng xəstəsi var.
- Sevdiyiniz şeyləri etməkdən imtina etməyin, sizə yaxşı hiss etdirəcək çox məşğuliyyət var.
Sağalacağınıza inanın.
.